Neft çənindəki güclü yanğın söndürüldü - YENİLƏNİB 1
Bakıda neft çəni yanıb. Hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft çənlərindən birində güclü yanğın başlayıb.
Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hadisə yerində ilkin qərargah yaradılıb. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.
Dövlət Neft Şirkətindən (ARDNŞ) APA TV-yə bildirlib ki, aprelin 24-də saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.
Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumata görə, həcmi 2000 kub olan neft çənində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə çənin içərisində olan neft qalıqları yanıb, yüksək temperaturdan çən deformasiyaya uğrayıb.
Yaxınlıqdakı çənlər və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.