Britaniyaya viza almaq üçün hansı şirkətə müraciət etməli?

Aprel ayından Britaniyaya getmək istəyən Azərbaycan vətəndaşları viza almaq üçün yeni yaradılmış viza qəbulu mərkəzinə müraciət edəcəklər. Vizaların verilməsini "Teleperformance" şirkəti həyata keçirəcək. APA TV-nin xəbərinə görə, Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq yeni ofisi media üçün təqdim edərək, Britaniya hökumətinin Azərbaycan vətəndaşlarına daha asan, rahat və maneəsiz viza təqdim etməkdə maraqlı olduğunu deyib. Daha öncədən səfirliyin bağlanması və ya Britaniya vizasını almağı mümkün olmayacağı xəbərlərinə aydınlıq gətirən səfir bunların yanlış olduğunu, sadəcə iş və məkan dəyişikliyi baş verdiyini diqqətə çatdırıb: "Əvvəllər insanlar viza almaq üçün səfirliyə gəlməli olurdu. Orada bəzi təhlükəsizlik prosedurları, məhdudiyyətlər var idi. Daha çox müraciət olduqca narahatlıq yaranırdı. Bu mərkəz isə daha əlçatandır. Təcrübəli və peşəkar şirkət tərəfindən idarə olunur. Məqsəd azərbaycanlı müştərilərə eyni qiymətə daha yaxşı xidmət təklif etməkdir. Biz daha çox azərbaycanlının Birləşmiş Krallığa səfər etməsini, orada oxumasını, işləməsini, alış-veriş etməsini dəstəkləyirik".

 

Britaniya Sərhəd Agentliyinin Viza və Miqrasiya Mərkəzinin İstanbuldakı nümayəndəsi Kris Veyt deyib ki, qlobal kontekstdə Britaniya bu modeli bütün dünyada tətbiq edir. Onun sözlərinə görə, viza müraciətləri barədə qərarı İstanbuldakı mərkəz verəcək.
Şirkətin ofis meneceri Elçin Abdullayevdir. Vizanın verilməsi müddətində heç bir dəyişiklik olmayıb. İnsanlar ənənəvi olaraq, 15 gün ərzində viza müraciətlərinə cavab ala biləcəklər. Mərkəz həftənin 5 iş günü fəaliyyət göstərəcək. 

Müəllif | Apa.Tv