Bakıda 10 il əvvəl törədilən qətlin üstü açılıb: polisi öldürüb, silahını 600 dollara satıblarmış

Bakıda 10 il əvvəl baş vermiş ağır cinayətin üstü açılıb. APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, 2004-cü il avqustun 4-də naməlum şəxs Babək prospektində xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin polis nəfəri Asif Həmidovu qətlə yetirib və ona məxsus «Makarov» tipli xidməti tabel silahını götürərək hadisə yerindən qaçıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Rafiq Nurmetov saxlanılıb. Rafiq Nurmetov istintaqa ifadəsində bildirib ki, sərxoş halda polis əməkdaşına yaxınlaşıb və  aralarında yaranmış münaqişə zəminində yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyəsinə bir neçə zərbə vurub, huşsuz vəziyyətdə olduğunu görüb xidməti silahını götürərək qaçıb. Hadisədən iki ay sonra Rafiq Nurmetov həmin tapançanı 600 ABŞ dollarına Əhmədli qəsəbəsində yaşayan Natiq adlı şəxsə satıb.

İstintaq-əməliyyat tədbirləri ilə əvvəllər ehtiyatsızlıqdan adam öldürmə cinayətinə görə məhkum olunmuş Natiq Orucov saxlanılıb. O, R.Nurmetovdan aldığı silahı qardaşı Tofiqə məxsus evin həyətində gizlətdiyini etiraf edib.

Həmin həyətə baxış zamanı içərisində 8 ədəd patronu olan sandıqça ilə birlikdə «Makarov» tipli tapança, 23 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 qumbarası və  1 qutu tratil aşkarlanıb.

Müəllif | Apa.Tv
Apa.tv