Vitse-spiker: "Həmsədrlərin vasitəçilik missiyasına sadiqliyi sual altındadır”
"ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında müşahidə olunan soyuq münasibət həmsədrlərin vasitəçilik missiyasına nə dərəcədə sadiq olub-olmamaları ilə bağlı suallar doğurur”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Krımın Rusiyaya birləşdirilməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında baş verənlərin münaqişənin həllinə hansı formada təsir göstərə biləcəyi məsələsinə münasibət bildirərkən deyib. Bahar Muradova bildirib ki, həmsədrlərin koordinasiya olunmuş fəaliyyətlərinin bütövlükdə səmərəsiz qaldığı əvvəllər də dəfələrlə vurğulanıb: "Amma düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə bu ölkələr ümumi dil tapa biləcək. Ən azı, onların nümayəndələri bunu səsləndirməkdədirlər”.
Vitse-spiker deyib ki, Azərbaycana təcavüzünə görə Ermənistana qarşı ən müxtəlif təzyiq üsullarından istifadə olunması məsələsi də dəfələrlə gündəmə gətirilib: “Ukraynada baş verən hadisələrdən sonra da bu məsələ dünyanın gündəminə daha kəskin şəkildə gəlib ki, həlli uzadılmış, dondurulmuş münaqişələr mütləq müzakirə edilməli, həllini tapmalıdır.
Bahar Muradova deyir ki, ATƏT Parlament Assambleyasının növbəti iclaslarının birində bu tip məsələlərin müzakirəyə çıxarılması təklifi irəli sürülüb.