Səlim Müslümov: "Nazirin gözünün qarşısında belədirsə, başqa yerlərdə vəziyyət necədir?"

"1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatda xəsarət alanların sayı 16 nəfər, 2009-2010-cu illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib".

 

APA TV-nin xəbərinə görə, Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədər keçirilən tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, son illərin göstəricisinə əsasən, ölkədə istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir və nəticədə 80-ə yaxın insan ölür. Nazir əməyin mühafizəsi ilə bağlı özünün şahidi olduğu hadisəni də qeyd edərək bildirib ki, tikinti şirkətləri fəhlələrin təhlükəsizliyinə laqeyd yanaşır: "Nazirlikdə oturduğum binanın 16 mərtəbəsi ilə üzbəüz bina tikilir. Mən baxıram ki, bir gün fəhlələr formalarını geyir, kaskalarını taxırlar, ikinci gün heç bir şey yoxdur. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, görün, başqa yerlərdə vəziyyət necədir?"

 

Nazir deyib ki, işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub: "2013-cü ildə baş vermiş, təhqiqatı aparılan 155 hadisədən 150-si çalışan muzdlu işçilərlə bağlıdır. Bu o deməkdir ki, işəgötürənlər qanunla tələb olunanlara riayət etmirlər".

 

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə isə bildirib bu ilin birinci rübündə əmək qanunvericiliyinin pozulması halları ilə bağlı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 34 faizi dövlət büdcəsinə ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21 dəfə, son üç il ərzində ödənilmiş cərimələrin məbləğindən 40 faizədək çoxdur.

 

Konfransda bildirilib ki, gələcəkdə respublikada Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv