DSX rəisi Şəmkirdə qəbul keçirib
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən Şəmkir Sərhəd Dəstəsində vətəndaşların qəbulunu keçirib. APA TV-nin xəbərinə görə, qəbulda Samux, Qazax, Ağstafa və Şəmkir rayonundan olan 30-dan artıq vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətinə qəbul, xidmət yerinin dəyişdirilməsi, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.