Vaqif Əsədov: "Eyni nömrənin bir neçə avtomobildə olması faktı aşkarlanıb”
Bu il paytaxt ərazisində avtoxuliqanlıq edən 155 sürücü saxlanılıb.
APA TV-nin xəbərinə görə, bu barədə “Peşəkar sürücü, yol hərəkətində hüquq və vəzifələr” mövzusunda keçirilən tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Vaqif Əsədov qeyd edib ki, son günlər sosial şəbəkələrdə avtoxuliqanların paylaşdığı videolarla bağlı BDYPİ-də müvafiq araşdırmalar aparılır: "Həmin videolarda bir dövlət nömrə nişanının bir neçə avtomobildə olması faktı aşkar edilib və o faktla bağlı da araşdırma gedir”.
Vaqif Əsədov qeyd edib ki, bu günə qədər paytaxt ərazisində 252 yol qəzası baş verib. Nəticədə 76 nəfər ölüb, 264 nəfər xəsarət alıb.
Baş verən yol-nəqliyyat hadisələrinin 52 %-də piyadalar vurulub.