Donetskdə atışma: 5 ölü
Donetsk vilayətinin Slavyansk şəhərinin şimal-şərqində qanunsuz silahlı dəstələrin 3 blok-postu məhv edilib. APA TV-nin xəbərinə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi Slavyanskda davam edən xüsusi əməliyyatın ilkin nəticələri haqda yaydığı açıqlamada yer alıb. Toqquşmalarda 5 terrorçu öldürülüb, güc strukturlarının 1 əməkdaşı yaralanıb. Əməliyyat davam edir.
Güc strukturlarının əməkdaşlarına helikopterlər havadan dəstək verir. Separatçılar tərəfindən Slavyansk şəhərinin “xalq meri” elan edilən Vyaçeslav Ponomaryov Ukrayna ordusuna məxsus hərbi texnikanın iki istiqamətdən Slavyansk şəhərinə yaxınlaşdığını bildirib. Qeyd edək ki, Ukraynanın güc strukturları ölkənin şərqində silahlı separatçıların əsas dayaq nöqtəsinə çevrilən Slavyanskda antiterror əməliyyatına bu gün səhərdən başlayıb.
Eyni zamanda Rusiyanın Ukrayna ilə sərhədyanı rayonlarında ağır hərbi texnikanın hərəkəti müşahidə olunur. Rostov vilayətində tanklar, “BTR” və KamAZ-lardan ibarət kolon görünüb. Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, zirehli texnikanın üzərində “Sülhməramlı missiya” sözləri yazılıb.