Qanunsuz parklanmaya qarşı sərt tədbir: şəxsləri parkmanatlar əvəzləyəcək

"Yaxın bir ay ərzində paytaxt küçələrində bir nəfər belə əlində çubuq qeyri-qanuni parkinqlə məşğul olan şəxs tapılmayacaq. Həmin şəxsləri yeni qurğular-parkmanatlar əvəz edəcək".

 

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev APA TV-yə deyib ki, bu qurğuların quraşdırılmasında əsas məqsəd parkinqlərdə şəxsi ciblərə gedən qeyri-qanuni pulları bir ünvana yığa bilməkdir. Bu ünvan isə Bakı Şəhər İcra Hakimiyyəti olacaq.

 

İdarə rəsmisi deyir ki, qurğular yerüstü dayanacaqlar unksiyasını yerinə yetirəcək. Burada saxlanan avtomobillərə vaxt limiti qoyulacaq. Ödənilən məbləğ bu limitdən asılı olacaq: "Biz bu parklanmanı elə yerdə müəyyən edəcəyik ki, əsasən dövlət müəssisələrinin və ya iri ticarət mərkəzlərinin yanı olsun. Şəhərin daxili və mərkəzi küçələrində bu cür parkinqlərin istifadə edilməsi nəzərdə tutulmur".

 

Qurum rəsmisi deyir ki, qurğuları Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi quraşdıracaq. Orada dayanan avtomobillərə də bu idarə  cavabdeh olacaq. Avtomobilə  hər hansı səbəbdən ziyan dəysə, xərcləri qurum qarşılayacaq.

 

Parklanmanın qiymətinə gəlincə, Həsən Abdullayev deyir ki bunu Tarif Şurası müəyyənləşsdirəcək. Həmin məbləğin mövcud yerüstü və ya yeraltı dayanacaqlardan fərqli olmayacağı bildirilir.

 

Müəllif | Apa.Tv