Rusiya prezidenti: "Slavyanskda ordudan istifadə etmək xalqa qarşı cinayətdir"
"Slavyanskda ordudan istifadə etmək xalqa qarşı cinayətdir".
APA TV-nin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Ukraynanın güc strukturlarının Slavyanskda antiterror əməliyyatına başlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya Krım əhalisinə kömək etməsəydi, orada vəziyyət indi Ukraynanın şərqindəkindən pis olardı: "Bu, bir daha onu göstərir ki, biz hər şeyi düz və vaxtında etmişik".
Putin qeyd edib ki, Ukraynanın şərqində ordudan istifadə edilməsi nəticədə Ukrayna-Rusiya dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək: "Hazırda baş verənlərin sonunu gözləmək lazımdır. Daha sonra yaranacaq vəziyyətdən sonra hər şeyi təhlil edib addımlar atılacaq".
Putin Kiyev hökumətini radikalları leqallaşdırmaqda suçlayıb: "Cenevrədə baş tutan görüşdə Ukraynada mövcud radikal qruplaşmaların silahsızlaşdırılması, hökumət və dövlət binaların boşaldılması və əhalinin normal şəraitdə yaşaması üçün mümükün bütün vasitələrdən istifadə edilməsi barəsində sazişlər imzalandı. Görünən odur ki, razılaşma yerinə yetirilmir. Kiyev radikal qruplaşmalardan silah almaq əvəzinə onları leqallaşdırır".
Qeyd edək ki, Ukrayna güc strukturlarının Slavyanskda başlatdığı antiterror əməliyyatı nəticəsində 5 separatçı öldürülüb.