“Azəryolservis”in sədr müavini yolların genişləndirilməsində ortaya çıxan ən böyük problemi açıqladı
"Azərbaycanda respublika əhəmiyyətli və magistral yolların genişlənmə zolağının artırılması təklif edilib. Bununla bağlı “Azəryolservis” ASC Nəqliyyat Nazirliyinə təkliflərini göndərib". Bunu APA TV-yə “Azəryolservis” ASC-də sədr müavini Vaqif Hacıyev bildirib. Vaqif Hacıyevin sözlərinə görə, indiyədək Azərbaycanda yerli əhəmiyyətli yolların mühafizə zolağının eni yolun mərkəzi oxundan hər iki tərəfə 12,5 metr olmaqla 25 metr, respublika əhəmiyyətli və magistral yolların mühafizə zolağının eni isə 60 metr təşkil edirdi. Lakin bu normalar ölkədə davam edən yol tikintisi prosesinə və yeni yolların eninə uyğun gəlmir: “Bu gün bizə 60 metr də çatmır. Çünki hazırda ölkədə bəzi yolların eni də müxtəlifdir, bəzən 40, hətta 60 metrə çatır. Bizim təkliflərimizdə mühafizə zolağının eninin 10 metr də artırılaraq, 70 metrə çatdırılması nəzərdə tutulub”.
Vaqif Hacıyev qeyd edib ki, yolların genişləndirilməsi istiqamətində iş aparılan zaman yol kənarlarında qeyri-qanuni tikilən evlərin sökülməsi məsələsi ortaya çıxır. Bu zaman ödənilən kompensasiya əhali arasında narazılıqla qarşılanır. Bu tip məsələlərin həlli il bağlı uzun müddətdir müzakirələr aparılır. Hələlik həll variantının tapılması üçün araşdırmalar gedir.