İtkin düşən kişinin meyiti 16 gündən sonra kanaldan tapıldı

Göyçayda itkin düşən kişinin meyiti 16 gündən sonra Yuxarı Şirvan kanalından tapılıb. Rayon Prokurorluğundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayon sakini 1969-cu il təvəllüdlü Abdullayev Sərdar Xanlar oğlu aprelin 8-də evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verilsə də, onun harada olması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Aprelin 10-da səhər saatlarında Sərdar Abdullayevin yaxınları Göyçayın Cəyirli kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının kənarından onun paltarını tapıblar. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları cəlb olunub. Beş gün ərzində kanalda onun meyiti axtarılıb və tapılmayıb. İki övlad atası olan Sərdar Abdullayevin atası Xanlar Abdullayev oğlunun tez-tez intihar edəcəyini bildirməsi barədə məlumat verib. O, bunun səbəbini oğlunun bir neçə nəfərə borcu olduğu ilə əsaslandrıb.

 

Aprelin 24-ü axşam saatlarında Sərdar Abdullayevin meyidi təsadüf nəticəsində Yuxarı Şirvan kanalından tapılıb. Məlumata görə, su idarəsinin işçiləri onun meyitini 16 gün əvvəl suya düşdüyü yerdən təxminən 10 kilometr aralıdan, kanalın Bığır kəndi ərazisindən keçən hissəsindən taparaq ailəsinə təhvil veriblər. 

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov