Satıcı qızı öldürüb qaçan "Toyota"nın sürücüsü tutulub

Bakıda piyadanı vuraraq, qaçan sürücü saxlanılıb. APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri zamanı ötən gün Novxanı qəsəbəsində Abbasova Rəvanə Aydın qızını vuraraq, qaçan sürücü İsmayılov Ələkbər Salman oğlu saxlanılaraq istintaqa təhvil verilib. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Ələkbər İsmayılov "10 GG 012" dövlət nömrə nişanlı "Toyota" markalı avtomobili yüksək sürətlə idarə edirmiş.  Bu zaman o yolun əks istiqamətində piyada keçidi ilə yolu keçmək istəyən Lerik rayon sakini Abbasova Rəvanə Aydın qızını vuraraq, hadisə yerindən qaçıb.  Piyada aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Rəvanə Abbasova yaxınlıqdakı marketlərin birində satıcı işləyirmiş.

 

Olay yerinə polis əməkdaşları çağırılıb. Hadisə şahidlərindən alınan ilkin ifadə zamanı sürücünün Binəqədi qəsəbəsi istiqamətinə qaçdığı müəyyən olunub.

 

Saxlanılan sürücü hadisə yerindən qaçmağını qorxaraq şoka düşdüyü ilə əsaslandırıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv