Tovuzun Əlibəyli kəndində mal-qara minaya düşüb
Tovuzun Əlibəyli kəndində iribuynuzlu mal-qara minaya düşüb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz rayon Əlibəyli kəndi ərazisində, Ermənistanla təmas xəttində baş verib.
Güclü partlayış baş verən zaman əvvəlcə sakinlərdən kiminsə minaya düşdüyü ehtimal edilib. Sonradan müəyyən olunub ki, kənd sakini Sevil Hüseynovanın iki baş mal-qarası minaya düşərək tələf olub. Qəfildən baş verən güclü partlayış zamanı iribuynuzlu mal-qaradan biri parça-parça olub, digəri isə ayaqlarını itirib. Yaralı heyvanı ərazidən çıxarmaq mümkün olmayıb. Kənd sakinləri bildiriblər ki, otlaq sahələrinin yaşıllaşması mal-qaranın təmas xəttində olan minalanmış ərazilərə getməsinə səbəb olur. Son nəticədə bu kimi hadisələr baş verir.