Ukraynalı nazir antiterror əməliyyatının dayandırılması xəbərlərini təkzib etdi
Ukrayna daxili işlər naziri Arsen Avakov ölkənin şərqində antiterror əməliyyatının dayandırılması barədə xəbərləri təkzib edib. APA TV-nin xəbərinə görə, nazir “Facebook” səhifəsində əməliyyatın davam etdiyini, terrorçuları hər an təhlükə gözlədiyini deyib. O qeyd edib ki, antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Ordu yalnız silahlı terrorçulara qarşı güc tətbiq edir. Nazir bildirib ki, antiterror əməliyyatına siyasi partiyalar, ictimai təşkilatlar və birliklər cəlb edilməyib.
Bu arada ABŞ dövlət katibi Con Kerri Rusiyanı tənqid edib. O bildirib ki, rəsmi Moskva Ukraynanın şərqində separatçı hərəkatları maliyyələşdirməyə və onların fəaliyyətini əlaqələndirməyə davam edir. Rusiyanı Ukraynadakı demokratik prosesə qarşı sabotaj cəhdində ittiham edən Con Kerri bildirib ki, Rusiya vəziyyəti gərginləşdirənə qədər bölgədə genişmiqyaslı zorakılıq müşahidə olunmayıb: "Rusiya eyni istiqamətdə fəaliyyətə davam edərsə, bu, nəinki ciddi, həm də ona baha başa gələcək səhv olacaq. Rusiya əvvəlki yolunu davam etdirsə, ABŞ və Avropa Moskvanın böyük əvəz ödəməsi üçün hər şeyi edəcək. Biz hərəkətə keçməyə hazırıq".
Eyni zamanda bu gündən Ukrayna ilə Krımı artıq dövlət sərhədi ayıracaq. Keçid məntəqələri quraşdırılandan sonra sərhədi necə keçməyin qaydaları, o cümlədən miqrasiya kartı verilməsinin yolları bəlli olacaq.