Şirvanşahların taxt-tacı haradadır?
Bura Şirvanşahların yaşayış binasıdır. İnşasına XII əsrdə başlanılmış binanın ərazisi XIV-XV əsrdə daha da genişləndirilib. Bina iki mərtəbəlidir. Binanın üst mərtəbəsi şah və onun ailəsinin, alt mərtəbəsi isə təsərrüfat ehtiyaclarına xidmət edirdi.
İkimərtəbəli saray binası kompleksin daha qədim tikilisidir. Vaxtilə sarayın 52 otağı olub. Şirvanşahlar Sarayını görən səyahətçilər onun günbəzlərinin firuzəyi rəngli kaşılarla örtüldüyünü deyiblər. 1501-ci ildə sarayın xəzinəsi, kitabxanası səfəvilər tərəfindən qarət edilib. 1857-ci ildə saray binası kompleksin digər abidələri ilə birlikdə Rusiya hərbi təsərrüfat idarəsinin istifadəsinə verilib. Məhz o vaxt ikinci mərtəbənin plan quruluşuna ciddi xəsarət yetirilib. XX əsrin 60-cı illərində saray binası abadlaşdırılıb. 2002-2004-cü illərdə isə burada rekonstruksiya işləri aparılıb.
Saray kompleksinin ümumi sahəsi 0,7 hektardır. Yaxın Şərqdə özünün möhtəşəmliyi ilə məşhur olan bu kompleksdə 52 otağı olan saray binası hələ orta əsrlərdən xarici alim və səyahətçiləri valeh etmiş "Divanxana", XV əsr saray alimi Seyid Yəhya Bakuvinin türbəsi, "Şərq" portalı, 34 sayda pilləsi olan büllur sulu yeraltı su anbarı - şah ovdanı var.
Bura sarayın taxt-tac zalıdır. Burada nümayiş etdirilən eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan ab-havanı və dizayn elementlərini təsəvvür etməyə imkan yaradır.
APA TV-nin xəbərinə görə, Taxt-Tac Zalı saray binasının ən təmtəraqlı hissəsi olub. İşğal nəticəsində saray çoxsaylı qarət və dağıntılardan tənəzzülə uğrayıb. Günbəz və divarların, döşəmənin dekorativ kaşı bəzəkləri sökülüb. Taxt-Tac Zalının günbəzi XVIII əsrdə Rus İmperiyası qoşunlarının artilleriya həmlələri nəticəsində dağıdılıb. XVI əsrin birinci yarısında dövlətin bütün xəzinələri və qiymətli saray əşyaları işğalçılar tərəfindən daşınıb aparıb. Buna görə də Şirvanşahların taxtları qorunub saxlanılmayıb. Burda təqdim edilən taxtın dizaynı barədə müvafiq məlumat Azərbaycanda alimlərinin tarixi tədqiqatlarından faydalanaraq Böyük Britaniyada yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) tərəfindən hazırlanıb.
22 hektarlıq İçərişəhər ərazisi bu maketdə öz əksini tapıb. Burda 2 mədəniyyət abidəsi qorunur. Bunlardan 28-i ölkə əhəmiyyətli, 4-ü isə YUNESKO tərəfindən qorunan abidələrdir. Həmin abidələr Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd Məscidi, və Qala Divarlarıdır.
Ekspozisiyada zəngin muzey eksponatları ilə yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video təqdimatlardan da geniş istifadə olunur. Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia bələdçilərindən də faydalana bilirlər. “İpad Mini” bazasında hazırlanmış multimedia bələdçisi vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını Azərbaycan, İngilis, Rus, Alman və Fransız dillərində dinləmək, müvafiq foto və video materiallarla tanış olmaq mümkündür. Muzeydə, həmçinin saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq, arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.