Vitali Çurkin: "Rusiya sülhməramlılarının Ukraynaya girmək hüququvar"
"Beynəlxalq hüquqi əsaslara söykənərək, deyə bilərəm ki, ehtiyac yarandığı təqdirdə Rusiya sülhməramlılarından Ukrayna ərazisində istifadə etmək hüququna malikdir".
APA TV-nin xəbərinə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib. Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində özünümüdafiə ilə bağlı müvafiq normaları var: "Biz 2008-ci ildə Qafqazdakı münaqişə zamanı bu hüququmuzdan istifadə etmişik".
Rusiya sülhməramlıları Ukraynanın cənub-şərqinə nə zaman daxil olacaq sualına cavabında diplomat "Rusiya Federasiya Şurasının güc tətbiqi icazəsi mövcuddur və biz bu icazədən hər an istifadə edə bilərik. Bizim əlimizdə belə bir fürsət var. Lakin biz bunu etmək istəmirik" deyə cavab verib.
Çurkin ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib. O deyib ki, Ukraynada gərginlik artarsa, ABŞ-la Rusiya arasında yaranan soyuq münasibət daha da dərinləşəcək.
"Ukraynadakı Rusiya vətəndaşlarına qarşı güc tətbiqi Rusiyaya hücum sayılacaq". Bunu isə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Belə halda Ukraynaya qoşun yeridilməsinin beynəlxalq hüquqa uyğun olacağını deyən Rusiyalı diplomat 2008-ci ilin yayında Cənubi Osetiyada baş verənləri xatırladıb.