Səlim Müslümov şəhid ailələrinə və əlillərə ev verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağdamda şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb, rayonda onlar üçün inşa olunmuş 6 mərtəbəli 54 mənzillik binanın açılışında iştirak edib. APA TV-nin xəbərinə görə, evlərin sənədlərini təqdim edən nazir bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində 1800, respublikanın digər şəhər və rayonlarında 3800 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailələsi ev növbəsinə dayanıb: "Biz yaxın vaxtlarda  Ağcabədidə və Bərdədə bu binaların açılışını edəcəyik. Bu il ərzində hazır olacaq binalarda 550-yə yaxın mənzil veriləcək. Yaxın illər ərzində Qarabağ əlilləri və şəhid ailələrinin mənzil problemi öz həllini tapacaq". 

 

Ölkədə əlillik müavinətlərinin verilməsi ilə bağlı sualı cavablandıran Səlim Müslümovun sözlərinə görə, hazırda, Azərbaycan prezidentinin göstərişinə əsasən, 18 yaşından yuxarı əlillərin müalicə üçün müavinətinin artırılması nəzərdə tutulur. Sözügedən yaş həddində olan əlillərin aldığı vəsaitin yaşayış minimumunun üzərinə çıxarılması istiqamətində iş aparılır. Ancaq hələ ki, bu qanun əlil uşaqlara şamil olunmayacaq: "Uşaqlar ailələrin sərəncamındadır, onlara verilən 67 manat müalicə ilə bağlı olan vəsaitdir. Müalicə, dərmanların alınması ilə bağlı artımlar gələcəkdə ola bilər".

 

Nazir ünvanlı sosial yardımın verilməsi sahəsində də yaxın gələcəkdə ciddi yeniliklərin olacağını bildirib.

 

Müəllif | Apa.Tv