Taksi sürücüsünü körpüdən atan Nəqliyyat Nazirliyinin müfəttişlərinə qarşı cinayət işi başlandı
Bakıda taksi sürücüsünə qarşı kobudluq edən Nəqliyyat Nazirliyinin müfəttişləri barəsində cinayət işi başlanıb. Bakı şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, aprelin 23-də saat 13 radələrində “Yeni Avtovağzal Kompleksi”nin yaxınlığında Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və qeyrilərinin Həsənov Vüsal İlqar oğlunun idarə etdiyi “Mercedes Benz E220” markalı avtomobili saxlayaraq, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə avtomobilə minib, sonuncunun sənədlərini tələb etmələri, daha sonra V. Həsənova qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetirmələrində əsaslı şübhələr olduğundan həmin fakta görə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.