Nobel prospektində yol yenidən çökdü!
Bakının Nobel prospektində, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda yenidən təhlükəli vəziyyət yaranıb. APA TV-nin məlumatına görə, yolda bir neçə gün əvvəl başlayan çökmə prosesi intensivləşib. Ötən axşam yolun çökmə baş vermiş hissəsi yenidən bağlanıb. Ərazilyə “Azəryolservis” və “Azərsu” ASC-lərin, Yol Patrul Xidmətinin əməkdaşları gəliblər.
Çökmənin baş verdiyi yerdəki çala örtüldükdən sonra yol ötən gün səhərdən nəqliyyatın hərəkəti üçün açılsa da, avtomobillərin ağırlığından yenidən çökmə başlayıb.
"Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə bildirib ki, həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi. Pünhan Mürsəliyevin sözlərinə görə, ərazidə normativlərə uyğun kipləşdirmə işi aparılsa da, çökmə yenə də davam edir. Onun fikrincə, problem aradan qalxmasa, yol yenə çökməkdə davam edəcək.
“Azərsu” ASC-dən isə APA TV-yə deyiblər ki, çökmənin səbəbləri, eləcə də, hadisənin kanalizasiya kollektoruna ziyan vurub-vurmadığı araşdırılır.
Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.