Bakıda əvvəllər N saylı hərbi hissəyə məxsus olmuş anbar yanıb

Gecə saatlarında Xətai rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Şahid Səmədov döngəsində əvvəllər N saylı hərbi hissəyə məxsus olan bir mərtəbəli tikilidə qeydə alınıb.

Yanğın haqqında Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə ərazidə yaşayan sakinlər məlumat verib. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon hissəsinin canlı qüvvəsi və texnikaları cəlb edilib. Yanğın zamanı ümumi sahəsi təqribən 200 kv.m olan anbar içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimallara görə, yanğın anbarın ətrafından keçən elektrik naqilində yaranan qısaqapanmadan baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ərazini nəzarətə götürüb. Hadisənin səbəbi araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv