Çernobıl faciəsindən 28 il keçir
Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 28 il ötür. 20-ci əsrin faciəsi adlandırılan dəhşətli hadisə 1986-cı il, aprelin 26-da baş verib. Çernobıl AES-in dördüncü enerji blokundakı partlayışdan sonra atmosferə külli miqdarda radioaktiv maddə yayılıb. Radioaktiv tullantıların ümumi miqdarı 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclü olub. Postsovet respublikası Ukraynadan savayı, SSRİ-nin 19 regionunun yaşayış məntəqəsi də radioaktiv çirklənməyə məruz qalıb. Stansiyadakı partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi indiki Belarusa və Şərqi Avropaya çatıb. Qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilib, yüz minlərlə insan, xüsusən qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edənlər radioaktiv şüalanmaya məruz qalıb, sağalmaz xəstəliklərə düçar olublar.