“G-7” Rusiyaya yeni sanksiyalar tətbiq edəcək
“Böyük yeddilik” ölkələri - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiya Ukraynada yaranmış vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə razılığa gəliblər. Bu barədə böyük yedillik ölkələrinin birgə bəyanatında deyilir. Bəyanatda “Böyük yeddilik” ölkələri gələn ay Ukraynada dinc seçkilərin keçirilməsinin təmin olunmasının zəruriliyini nəzərə alaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilməsini qərara alıblar. Qeyd olunur ki, “Böyük yeddilik” Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı geniş sanksiyaların tətbiqinə hazırlaşır. Ağ Ev ABŞ-ın tətbiq edəcəyi sanksiyaların aprelin 28-də hazır olacağını açıqlayıb. Konkret hansı sanksiyaların tətbiq olunacağı bildirilməyib.
Xatırladaq ki, G7 ölkələri daha əvvəl Rusiya hakimiyyətində təmsil olunan müxtəlif yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar tətbiq edib. ABŞ bundan əlavə, “Bank Rossiya”ya qarşı da sanksiyaya qərar verib.
Eyni zamanda Aprelin 25-də Ukraynanın Slavyansk şəhərində federallaşma tərəfdarları tərəfindən saxlanılanların kimliyi bəlli olub. Onlar ATƏT-in hərbi müfəttişləridir. Müfəttişlər 2011-ci ildə ATƏT-ə üzv ölkələrin Vyanada qəbul etdikləri “Etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri haqqında” sənəd çərçivəsində Ukraynada səfərdədirlər. Nümayəndə heyəti Almaniya, Çexiya, Danimarka, İsveç və Polşanı təmsil edən səkkiz nəfərdən ibarətdir.