Salyanda təmir sexi yanıb
Salyanda yanğın hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 52-ci kilometrliyində Salyan rayonunun Noxudlu kəndinə gedən yolun üstündəki avtomobil təmiri sexində qeydə alınıb. Rayon sakini, 54 yaşlı Xaləddin Fəyyaz oğlu Əzimova məxsus avtomobil təmir sexi anidən alovlanmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Yanğından Mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub. Buna baxmayaraq 1056 kvadratmetr sahəsi olan sexin 226 kvadratmetri içərisində olan ehtiyat hissələri ilə birlikdə yanaraq sıradan çıxıb. Bununla yanaşı sahibi məlum olmayan “Jiquli” markalı maşın da yanıb.
Yanğının elektrik naqillərindəki qısaqapanmadan olduğu ehtimal edilir.
Faktla bağlı araşdırmalar aparılır.