Böyük Britaniyaya təhsil almağa gedənlərin sayı artıb

"Dövlət Proqramı çərçivəsində “2007/2015-ci illərdə 676 azərbaycanlı tələbə Böyük Britaniya universitetlərini seçiblər. Onlardan 414-nün təhsili davam edir. 237 nəfər isə artıq təhsilini başa çatdırıb". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Bakıda keçirilən təhsil sərgisində çıxışı zamanı deyib. Nazir müavini qeyd edib ki, 2013/2014-cü tədris illəri üçün 257 azərbaycanlı tələbə Britaniya universitetlərinə dövlət proqramı çərçivəsində təhsil almağa gedib. 2014/2015-ci il üçün dövlət proqramı çərçivəsində prioritet universitetlər sırasına 40 Britaniya universiteti də  daxil edilib.

 

Ceyhun Bayramov deyir ki, 2007/2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Böyük Britaniya universitetləri Azərbaycan tələbələri tərəfindən əsas seçilmiş 3 istiqamətdən biridir. Nazir müavini bildirib ki, xaricdə təhsil üzrə Dövlət Proqramı orta müddətli təsdiqlənən, Azərbaycanı yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəmək üçün nəzərdə tutulub.

 

Uzun müddətli perspektivə gəldikdə isə nazir müavini hesab edir ki, ötən ilin oktyabr ayında ölkə başçısı tərəfindən təsdiq edilən Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da əks olunduğu kimi Azərbaycanın təhsil sahəsində aparılan islahatlarda aparıcı beynəlxalq təcrübəyə yiyələnmək, bundan istifadə etmək vacib amil hesab olunur.

 

Qeyd edək ki, Bakıda "Birləşmiş Krallıqda təhsil" sərgisi keçirilir. Sərgidə  Birləşmiş Krallığın 20-dən çox universitet və kolleci iştirak edir.

 

Müəllif | Apa.Tv