Göyçayda işbazlar kəndlilərə külli miqdarda ziyan vurub

Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri yaz tarla işləri ilə məşğuldur. Göyçayın 30-dan çox kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Əkinçilik bu sahəsi rayonun Ləkçılpaq, Hacıalıkənd, Mırtı, Qaraxıdır, Şəkər, Qarabaqqal  kəndlərində geniş yayılıb. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Əhalinin əsas gəlir mənbəyi olan tərəvəzçilik bu il onlara nəinki qazanc gətirib, əksinə külli miqdarda maddi ziyan vurub. Rayonun kəndli fermerləri hər il olduğu kimi bu ilin yanvarında pomidor toxumlarını mağazadan alaraq yetişdiriblər. Martın əvvəlində isə pomidor şitillərini torpağa köçürüblər. İki ay ərzində edilən qulluq isə nəticəsiz qalıb. Hazırda pomidor məhsulu inkişafdan qalıb. Xırda-xırda olan pomidorlar vaxtından əvvəl tələf olur. Kəndlilərin sözlərinə görə, iki ay ərzində yetişdirilən bu bitkinin hər birinin üzərində hazırda çəkisi 300-500 qram olan pomidorlar olmalıdırsa, hazırkı pomidorların 50-60 qram çəkisi var. Min bir əziyyətlə yetişdirdikləri məhsulun tələf olmaması üçün müxtəlif üsullardan istifadə edən kəndlilər carəsiz qalıblar. Hazırda Göyçayda işbazların satdığı saxta toxumu alaraq əziyyətinin bəhrəsini görə bilməyən yüzlərlə kəndli fermer var. Rayonun bütün kəndlərində əhali hər il pomidorun “Belbelina” sortunun əkilməsinə üstünlük verirdi. Cari ildə bu pomidor sortunun saxta toxumları kəndlilərə yüz minlərlə manat maddi ziyan vurub. Bu isə rayonda faraş tərəvəzçilik sahəsində məhsuldarlığın çox aşağı olacağına gətirib çıxaracaq. Kəndlərdə əhalinin 70 faizi pomidor yetişdirməklə ailəsini dolandırır. Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Qeyd edək ki, mayın əvvəlində istixanalarda pomidor yığımına başlanılmalı olduğu halda bu il bu mümkün olmayacaq. Kəndlilər hər il məhsulu alıcılara elə öz həyətlərində satırlar. Ötən il rayonda istehsal olunan pomidorun təxminən 50 faizi Rusiya bazarlarına aparılıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov