Cəlilabadda 6 otaqlı ev yanaraq kül olub
Cəlilabaddda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Çünəxanlı kənd sakini, 1934-cü il təvəllüdlü Yavər İsmi oğlu Ağayevə məxsus ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Evdə tənha yaşayan 80 yaşlı Yavər Ağayev çətinliklə də olsa özünü güclü alovun cəngindən xilas edə bilib. Daha sonra isə evin içərisindəki kiçik tutumlu qaz balonları partlayıb, bu isə yanğının daha da şiddətlənməsinə səbəb olub.
Hadisə yerinə təcili olaraq Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 320 kvadratmetr olan ev içindəki məişət əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Yanğının dəqiq başvermə səbəbləri aparılan ekspertizanın nəticələrindən sonra məlum olacaq.
Hazırda faktla bağlı araşdırma aparılır.