"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi niyə gecikir?
""Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin qəbulu gecikir, yaxın vaxtlarda bu məsələ yenidən Milli Məclisin müzakirəsinə çıxarılacaq"". Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, qanun layihəsinin qəbulu Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq.
"Ölkədə son illərdə anbarların tikilməsi ilə əlaqədar olaraq çox böyük işlər görülüb. Quba-Xaçmaz zonasında yeni anbarlar tikilib ki, orada on min tondan artıq məhsulu saxlamaq mümkün olacaq. Bu isə bir neçə kəndin məhsulu deməkdir. Bizim vəzifəmiz yerlərdə istehsalçılara kömək etməkdir".
Yeni qanun layihəsində kooperativlərin fəaliyyətinin geniş şəkildə şərh edildiyini deyən Ziyad Səmədzadə bildirib ki, sənəddə həmçinin bu sahənin dövlət tənzimlənməsi, himayəsi və maliyyə-kredit dəstəyi, onların inkişafında bələdiyyələrin vəzifələri, eləcə də istehsal olunacaq məhsulların satışı, bunun üçün ticarət yerlərinin ayrılması, qanunvericiliyin pozulmasına görə məsuliyyət, mübahisələrin həlli məsələləri ətraflı şəkildə verilib.
"Xarici bazara ixrac yönümlü məhsulların çıxarılmasının artırılması hazırda qarşıda duran ən vacib məsələlərdən biridir. Eyni zamanda ekoloji cəhətdən ölkənin kənd təsərrüfatı məhsulları təmiz sayılır və onların xarici bazara çıxarılması üçün bütün maneələri ləğv etmək vacibdir".
Bu maneələrin isə ən əsas psixoloji amillər olduğunu deyən millət vəkili hesab edir ki, hər bir sahibkarın öz hüquqlarını və sosial məqsədini bilməsi üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır.