Ermənilər Ərdoğanın Nobel mükafatına namizədliyini təklif etdilər
Türkiyədəki erməni diasporu baş nazir Rəcəb Tayyib Ərdoğanın Nobel mükafatına namizədliyinin irəli sürülməsini təklif edib. "worldbulleten" saytı yazır ki, buna səbəb kimi isə Türkiyənin baş nazirinin XX əsrin əvvəllərində ölən ermənilərin nəsillərinə başsağlığı verməsi və barışığa addım atması göstərilib. Türkiyədəki erməni icmasının lideri Bedros Şirinoğlu Ərdoğana həmin nitqi üçün təşəkkür edib. "Erməni diasporu baş nazirin bu hərəkətini barışıq üçün vacib addım kimi qiymətləndirir. Bu addımı ilə o, Nobel sülh mükafatına namizəd ola bilər" deyə Şirinoğlu bildirib. O xüsusilə qeyd edib ki, Ərdoğan yeganə türk liderdir ki, erməni icmasına başsağlığını ifadə edib. İcma liderinin sözlərinə görə, eyni zamanda erməni tərəfi də üzr istəməlidir. Çünki həmin hadisələr zamanı hər iki tərəfdən ölənlər olub. "Əgər barışığa doğru aparan bu addımlar tendensiya halını alarsa, proses 2 köhnə dostun barışması ilə nəticələnəcək" deyə diaspor lideri qeyd edib.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 23-də parlamentin iclasında ilk dəfə XX əsr hadisələrində ölən ermənilərin nəvələrinə başsağlığı diləyib.