Əli Həsənov: "Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub"
Dünyanın 130-dan çox dövlətinin milli idman mediası qurumlarının fəal üzvləri olduqları Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının növbəti, 77-ci konqresi Bakıda keçirilir. Bu konqres təşkilatın 90 illik yubileyi ilə eyni vaxtda təsadüf edir. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarına təbrik məktubunu səsləndirib. Məktubda konqresin işinə uğurlar arzuladığını bildirən prezident nüfuzlu təşkilatın mötəbər toplantısının və yubiley mərasiminin Azərbaycanda keçirilməsini respublikamızın ictimai həyatında diqqətəlayiq hadisə olduğunu qeyd edib: "1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub, çoxsaylı vətəndaş cəmiyyəti institutları və müxtəlif dillərdə nəşr edilən plüralist media məkanı formalaşıb. Bu gün ölkəmizdə minlərlə kütləvi informasiya vasitəsi-televiziya, radio, qəzet, jurnal, sayt və xəbər portalları fəaliyyət göstərir. Onlardan 60-a qədəri bilavasitə idmanla bağlıdır. Hesab edirəm ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77 -ci konqresi üzv ölkələrdə idman jurnalistikasının inkişafına, media nümayəndələri arasında əməkdaşlığın dərinləşməsinə, sağlam həyat tərzinin təbliğinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə sanballı töhfə verəcək".
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov Bakı 2015 ilk Avropa Oyunlar təkcə idman yarışı yox, həm də yeni idman komplekslərinin tikilməsi, turizmin inkişafı üçün də bir vasitə olacaq: "İdman jurnalistləri elitasının toplanması, burda konqresin keçirilməsi, Bakı şəhəri ilə tanış olması, Bakıda hal-hazırda 2015-ci il Avropa Oyunları ilə bağlı aparılan işlərlə tanış olması bizim üçün çox vacibdir".
Konqresdə AIPS-in 77-ci konqresi ilə eyni zamanda AIPS Avropanın Hesabat seçki konfransı, eləcə də digər qitələrdən olan qurumların iclasları, həmçinin AIPS komissiyalarının toplantıları keçiriləcək.