Əlimərdan bəy Topçubaşovun 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

“Keşməkeşli bir dövrdə yaşamış və fəaliyyət göstərmiş Əlimərdan bəy Topçubaşov Azərbaycan tək Azərbaycan xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün müsəlman xalqların sevimlisinə çevrildi. İnanıram ki, Azərbaycan XİN və AMEA-nın birgə keçirdiyi beynəlxalq konfrans Topçubaşov irsinin öyrənilməsinə öz töhfəsini verəcək”.

 

APA TV-nin xəbərinə görə, bunu ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Akademiyanın rektoru Hafiz Paşayev deyib.

 

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Ə.Topçubaşov XX yüzilliyin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov və digərləri ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm rol oynayıb.

 

Topçubaşovun həyat və fəaliyyəti barədə danışan spiker O.Əsədov bildirib ki, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamenti Bakıda işə başlayıb. Topçubaşov bu parlamentin ilk sədri olub.

 

Xarici işlər naziri Elmar Məmmədyarov Əlimərdan bəy Topçubaşovun diplomatik fəaliyyətindən danışıb: «Topçubaşovun təməlini qoyduğu Azərbaycan o zaman Millətlər Məclisinə üzv ola bilməsə də, 100 il keçməmiş Azərbaycan BMT-yə üzv oldu, hətta BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdi. Topçubaşov Azərbaycan tanıtmağa başladı və biz eyni əsrdə Azərbaycanın müstəqilliyin təkrar əldə etdik, qoruduq».

 

Tədbirdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Topçubaşovun həyat yolunun tədqiq edilməsinə ehtiyac olduğunu deyib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı