Azad Rəhimov: "Bu, qeyri-peşəkarlıqdır"
"İnanmıram ki, mənimlə bağlı hər hansı rəqəm səsləndirilsin. Mən olimpiya komplekslərinin tikintisinə xərclənən vəsaitlə bağlı ittihamları belə cavablandıra bilərəm. Bu, tam qeyri-peşəkarlıqdır".
APA TV-nin xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov son zamanlar ölkəmizdə tikilən olimpiya idman komplekslərinin tikintisi zamanı müxtəlif rəqəmlərin səslənməsin münasibət bildirərkən belə deyib. Nazir bunu fərqli şəkildə ortaya çıxaran mətbuat orqanlarının səhvi adlandırıb: "Nazirliyimizə, mətbuat xidmətimizə zəng vuraraq, rəqəmləri soruşmaq olardı və heç bir problemsiz o rəqəmləri əldə etmək mümkün idi. Amma əksinə, hansısa telekanal və mətbuat orqanı öz tərəflərindən naməlum mənbədən rəqəmləri tapırlar, səsləndirirlər və sonra da həmin o rəqəmlərlə bağlı bizə sual verirlər. Nəticədə gülməli vəziyyət yaranır. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Amma hər hansı mətbu orqanı səhvən bu rəqəmi 837 min manat göstərir. Sonra da öz səhvinin üstündə başlayır ki, niyə bu qədər azdır?
Nazir bildirib ki, bu gün ən önəmli hadisə 2015-ci il Avropa Oyunlarına hazırlıqdır. Biz səylər ölkəmizin müsbət təqdimatına yönəldilməlidir.