Naxçıvan Muxtar Respublikasının 90 illiyinə dair konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyinə həsr edilən “Azərbaycan arxeologiya və etnoqrafiya elmlərinin inkişafında Naxçıvan məktəbinin rolu” mövzusunda elmi konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib ki, konfransın keçirilməsində məqsəd Naxçıvan ərazisində aşkarlanan tarixi abidələrin, arxeoloq və etnoqraflarının apardıqları tədqiqatların mahiyyətinin və milli arxeologiya və etnoqrafiyanın qarşısında duran yeni tədqiqat istiqamətlərinin göstərilməsidir. Maisə Rəhimovanın sözlərinə görə, hazırda institutun Naxçıvan ərazisində yeddi arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Son tədqiqatlar nəticəsində abidələrdən əldə olunan maddi dəlillər Azərbaycan arxeologiyasının bir sıra mühüm problemlərinin araşdırılmasında həlledici rol oynayır.

 

Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli isə bildirib ki, Naxçıvan ərazisində ilk araşdırmalar 19-cu əsrdən aparılmağa başlansa da, 1923-cü ilədək bu təsadüfi və bəzən isə qiymətli əşyaların toplanması xarakteri daşıyıb. Yalnız 20-ci əsrin ikinci yarısından sonra  qədim abidələrdə aparılan ciddi tədqiqatlardan sonra Naxçıvanın 3500 illik bir tarixinin olduğu müəyyən edilərək ictimaiyyətə təqdim edilib.

 

Daha sonra konfransda çıxış edənlər Naxçıvan arxeologiya və etnoqrafiya məktəbinin əldə etdiyi nailiyyətlərin danışıblar. Qeyd edək ki, konfransın materialları tezislər toplusu şəklində dərc edilib.

 

Müəllif | Apa.Tv