Prezident İlham Əliyev: "Tolerantlıq ölkəmizin vizit kartına çevrilib"
"2012-ci ildə London Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıblar və onlardan 2-si qızıldır. Azərbaycan bu göstəriciyə görə, 200 ölkə arasında 30-cu yeri tutub".
APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarının şərəfinə verilən ziyafət zamanı çıxışında deyib. Prezident İlham Əliyev ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində mühüm nailiyyətlərin qazanıldığını bildirib. Dövlət başçısı deyib ki, indiyə qədər Azərbaycanda çoxsaylı beynəlxalq yarış, dünya və Avropa çempionatı keçirilib, idmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə ediblər. İlham Əliyev hazırda respublikamızın ərazisində böyük bazaya malik idman infrastrukturunun yarandığını, 40-dan çox Olimpiya İdman Kompleksinin tikildiyini vurğulayıb. Dövlət başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyini və ölkəmizin bu mötəbər idman tədbirinə xüsusi hazırlaşdığını qeyd edib: "Fürsətdən istifadə edərək hamınızı gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya stadionuna dəvət edirəm. 2016-ci ildə Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını tərəfdaşlığımız təşkil edir".
Prezident İlham Əliyev ölkəmizdə əsrlərdən bəri yaranıb formalaşan multikulturalizm ənənələrinin Azərbaycanda dövlət siyasəti olduğunu, möhkəm əsaslara malik tolerantlığın ölkəmizin vizit kartına çevrildiyini bildirib.
Sonra Assosiasiyasının prezidenti Canni Merlo isə bildirib ki, qurumun 90-cı ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsi böyük uğurdur. Canni Merlo prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim edib.