Araz Əzimovdan Minsk Qrupuna sərt sözlər!
"Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda prosesləri təhdid edən ən böyük faktordur. Amma hesab edirəm ki, bu problem həll ediləndən sonra region ölkələri normal qonşuluq münasibətləri qurmaq iqtidarındadır". APA TV-nin məlumatına görə, bu fikirləri xarici işlər nazirinin müavini Araz Əzimov II Müştərək Cəmiyyətlər Forumunda çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, bu istiqamətdə Avropa Birliyinin təcrübəsi təqdirəlayiqdir:
"ATƏT-in Minsk Qrupunun bir çox üzvləri passiv mövqedədir. Bu da nizamlanma prosesini tənqid etməyə əsas yaradır. Minsk Qrupunun digər üzvləri nizamlanma prosesində tam şəkildə iştirak etməlidir. Türkiyə və Almaniya bu prosesə bəhrə verə bilərlər. 22 il əvvəlki dünya görüşlərindən fərqli olaraq ATƏT bu gün artıq sülhə nail olan bir platforma kimi qəbul olunmur. Buna səbəb də aparıcı dövlətlərin mövqeyinə bağlıdır. Belə fikir yaranır ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticəsizdir. Bu gün dünya ictimaiyyətinin həqiqətən də sözdə yox, əməldə ölkələrin ərazi bütövlüyünə və suverenliyinə təminat verdiyini deyə bilərikmi? Bu sual hələ də öz cavabını axtarır".
Araz Əzimov deyib ki, beynəlxalq ictimaiyyətin işğalçı dövləti işğal edilmiş ərazilərdən çıxarılmasına nə dərəcədə hazır olması da vacibdir.