Bakıdakı çay evində güclü yanğın olub

Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov 8 ünvanında yerləşən ikimərtəbəli çay evində güclü yanğın baş verib. APA TV-nin xəbərinə görə, "555" adlı çay evində baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai  Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində güclənən alovun qarşısı tez bir zamanda alınıb. 

 

Yanğın zamanı çay evində olan müştərilərdən verilən məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub. Partlayış baş verən zaman çay evində olan müştərilər cəld özlərini çölə atıblar. Hadisə zamanı çay evinin iki işçisi üzündən yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək, Təcili Tibbi Yardım xidmətinə təhvil veriliblər. Eyni zamanda yanğınsöndürənlər rahat işləməsi üçün Səməd bəy Mehmandarov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 612 kv.m olan ikimərtəbəli çay evinin taxta konstruksiyalardan ibarət  çardağı 250 kv.m sahədə yanıb.

 

Çay evinin qalan hissəsi və birinci mərtəbə yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv