Salyanda mal-qara oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Salyan polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qoyun oğurluğu ilə məşğul olan bir qrup cinayətkar saxlanılıb. APA TV-nin məlumatına görə, ilkin istintaq zamanı həmin şəxslərin müxtəlif vaxtlarda 56 baş qoyun oğurlayaraq, vətəndaşlara 8 min manata yaxın ziyan vurduqları məlum olub.

 

Salyan polisi keçirilən əməliyyat tədbirləri nəticəsində Qaraçala qəsəbəsində gecə saatlarında qoyun oğurluğuna cəhd edən bir qrup şəxs tutulub. Bunlar Şirvan şəhər sakinləri, 48 yaşlı Füzuli Xanış oğlu Şeydayev, 35 yaşlı Məzahim Əlifağa oğlu Ağayev, 39 yaşlı Rövşən Malik oğlu Süleymanovdur. Rəfael adlı bir nəfər şəxs isə istintaqdan gizlənib. İlkin istintaq zamanı həmin şəxslər tərəfindən təkcə Qaraçala qəsəbəsindən deyil,  həmçinin rayonun Xalac, Yolüstü, Pambıqkənd, Qızılağac, Kərimbəyli və Qarabağlı yaşayış məntəqələrinin fərdi təsərrüfatlarından qoyun oğurladıqları da aşkar olunub.

 

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, həmin şəxslərin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı