Baş prokuror: "Yanukoviç və onun yaxınları Rusiyaya 32 milyard dollar aparıb"
"Ölkədən qaçan Ukraynanın keçmiş prezidenti və onun yaxın ətrafı Rusiyaya azı 32 milyard dollar pul aparıb".
APA TV-nin xəbərinə görə, bunu Ukraynanın baş prokuroru Oleq Maxnitski deyib. O bildirib ki, Rusiya Federasiyası Viktor Yanukoviç, eləcə də keçmiş baş prokuror Viktor Pşonka və keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonu rəsmən gizlədir. Baş prokuror qeyd edib ki, Avstriya, Lixtenşteyn və İsveçrə kimi ölkələr oğurlanaraq ölkədən kənara çıxarılan pullarla bağlı Ukrayna tərəfinin sorğularına cavab verib. İsveçrə tərəfinin bildirdiyinə görə, 2012-ci ilin sonuna olan məlumata əsasən bu ölkə banklarında Ukrayna mənşəli 2 milyard dollar pul saxlanılır. O. Maxnitski aparılan istintaq çərçivəsində Ukrayna bank sistemində şübhəlilər Viktor Yanukoviçə, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevə, sabiq aqrar siyasət və ərzaq naziri Nikolay Prisyajnyuka aid 1 milyard 300 milyon qrivna, 9,6 milyon dollar və 214 min avro vəsaitə, eləcə də bu şəxslərin əmlakına həbs qoyulduğunu söyləyib.
Bu arada Ukraynanın baş naziri Arsenii Yatsenyuk təbii qazın qiyməti ilə bağlı Rusiyanın “Qazprom” dövlət şirkətinə qarşı Stokholhm arbitraj məhkəməsində iddia qaldırdıqlarını bildirib. Ukrayna qaz müqaviləsi ilə bağlı bəzi şərtlərə də yenidən baxılmasını istəyir.