FHN şagirdlərə terror zamanı davranış qaydalarını öyrətdi
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Hövsan qəsəbəsi 280 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirib. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin keçirdiyi tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.
APA TV-nin xəbərinə görə, tədbirin nəzəri hissəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, terror xarakterli fövqəladə hallar, su hövzələrində təhlükəsizlik qaydaları və sair ilə bağlı məlumat veriblər.
Praktik hissə zamanı məktəbin həyətində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunub.
Tədbir FHN Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının məktəbin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları barədə təqdimatı və şərti yanğının söndürülməsi ilə başa çatıb.