Göygöldə dəhşətli qəza: TIR sürücüsü öldü

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə aprelin 29-da gecə saatlarında, Bakı-Qazax magistralının 326-cı km-də, rayonunun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı 50 yaşlı Hasan Ayan İsmət idarə etdiyi, TIR adlandırılan və uzaq məsafələrə yük daşıyan, ağırtonnajlı "DAF" markalı yük avtomobili ilə hərkətdə olarkən qarşısındakı qumla yüklü “KamAZ”a çırpılıb. Zərbə güclü olduğundan, hər iki maşın yoldan çıxaraq, kənara düşüb. Qəza nəticəsində TIR-ın sürücüsü hadisə yerində ölüb. Onun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyini xilasediciləri cəlb olunub. Bir neçə dəqiqəlik əməliyyatdan sonra meyit avtomobildən çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq Təhqiqat Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli