DƏHŞƏTLİ QƏTL: oğrular yaşlı ər və arvadı qəddarlıqla öldürdülər

Salyan rayonunda dəhşətli qətl hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, yaşlı ər və onun arvadı qəddarcasına qətlə yetiriliblər. Hadisə Salyan rayonunun Beşdəli kəndində qeydə alınıb. Kəndin sakinləri - 75 yaşlı Zəkulla Nəzər oğlu Rəcəbov və onun 74 yaşlı arvadı Gülnarə Emrul qızı Rəcəbova öldürülüblər. Məlumat daxil olan kimi hadisə yerinə rayon prokurorluğunun və Salyan rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, naməlum şəxs və ya şəxslər Rəcəbovların yaşadığı fərdi yaşayış evinə gələrək əvvəlcə Zəkullanı həyətdə, sonra arvadı Gülnarəni yatdığı otaqda küt alətlərlə vuraraq qəddarcasına qətlə yetiriblər. Onların var-dövlətini oğurlayaraq aradan çıxıblar. Bir həftə bundan öncə Zəkulla Rəcəbovun özünə məxsus pay torpağını satdığını və pulu olduğunu bilən cinayətkarların bu əməli tamah məqsədi ilə törətdikləri bildirilir.

 

Hələlik qətlin əsl səbəbi məlum deyil. Hüquq-mühafizə orqanları tərəfindən cinayəti törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.   

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı