Novruz Məmmədov: "Azərbaycan prezidenti dostluqda nə qədər etibarlı olduğunu nümayiş etdirdi"
"Prezident İlham Əliyev dostluq, tərəfdaşlıq və qardaşlıqda nə dərəcədə etibarlı olduğunu bir daha nümayiş etdirdi".
APA TV-nin xəbərinə görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Serj Sarkisyanın Praqada qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına Azərbaycan prezidentinin reaksiyasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bütün region Türkiyə və Azərbaycan arasında münasibətlərin hansı səviyyədə olduğunun bir daha şahidi olub: "Düşünürəm ki, bu, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə göstəricisidir. Bundan sonra da Azərbaycan və Türkiyə məhz bu ruhda öz tərəfdaşlıqlarını, qardaşlıqlarını, əməldaşlıqlarını davam etdirəcək".
Ermənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirib. Azərbaycan prezidenti İlham Əliyev tədbir zamanı ona “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”, cavabını verib.