Saakaşvili: "Rusiya Cavaxetiyada pasport paylayır"
"Rusiya separatizmi leqallaşdırmaq istəyir".
APA TV-nin xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı yaranmış vəziyyəti şərh edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib: “Onlar demək istəyir ki, öncə əhalinin sayını artırmaq lazımdır, yaxşı demoqrafik balans yaranandan sonra silahlar altında referendum keçirə və ərazi işğalını leqallaşdıra bilərsiniz. Bu, mənim ölkəmdə və bütövlükdə regionda baş verən vəziyyətə oxşayır, lakin uzun çəkməz. İnanmıram ki, 21-ci əsrdə belə asanlıqla sərhədləri dəyişmək olar və bunu nə vaxtsa kimsə leqallaşdırar".
Cavaxetiyada ermənilərin həmin ərazini ayırmaq istəyinə münasibət bildirən eks-prezident bunu hansısa lokal qrupun separatizm meylləri ilə bağlı deyil, böyük siyasi oyunun bir hissəsi adlandırıb. Onun sözlərinə görə, Krımda və Abxaziyada olduğu kimi, Rusiya Cavaxetiyanı pasportlaşdırır: "Cavaxetiyada baş verənləri yerli millitantlar törədir ki, onların da Rusiya Baş Kəşfiyyat İdarəsi ilə birbaşa əlaqələri var. Qısa zamanda müəyyən problemlər törətmiş olsalar da, düşünmürəm ki, uğur qazana bilsinlər".
Mixael Saakaşvilinin sözlərinə görə, Cavaxetiyadan Azərbaycan və Gürcüstanın birgə layihəsi olan vacib dəmiryol xətti keçir: "Təbii ki, Azərbaycanın, inkişafın düşmənləri bu yolu kəsmək istəyirlər. Ona görə Cavaxetiya onlar üçün bu qədər vacibdir. Bu nəinki Gürcüstan, həmçinin bizim vacib strateji maraqlarımıza, Qərbin maraqlarına ziddir".
Mixael Saakaşvili II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində Bakıda səfərdədir.