Lənkəranda “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat keçirilib
Dövlət Sosial Müdafiə Fondinin təşkilatçılığı ilə Lənkəran şəhərində “DSMF-nin elektron xidmətləri” adlı regional təqdimat keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarından olan sığorta ödəyicilərinin və pensiyaçıların iştirak etdikləri tədbirdə bildirilib ki, bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir.
Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb.
Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər. Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər bu vəsaitləri onlayn formada ödəmək imkanına malikdirlər. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131 653 istifadə sayı müəyyənləşdirilib.
Eyni zamanda 2014-cü ilin yanvar ayından indiyədək onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 13 mindən artıq fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib.