Unudulan təsərrüfat alətlərini yaşadan sənətkar
Ata-babalarımızın əkinçilikdə işlətdikləri elə alətlər olub ki, indi onlardan istifadə olunmadığına görə unudulublar. Yeni nəslin nümayəndələri həmin alətlər haqqında məlumatı bu gün yalnız kitab səhifələrindəki şəkillərdən əldə edə bilirlər. Sizə haqqında söhbət açmaq istədiyimiz Əli Ağayev qədim el sənətini yaşadan, ona yeni nəfəs verən şəxslərdəndir.
“Elə alətlər var ki, indi yoxdur. Heç yerdə yoxdur. Düzəldirəm ki, camaat, uşaqlar görsün belə bir şey olub”.
APA TV-nin xəbərinə görə, Əli Ağayev Lənkəran rayonunun Zövlə kəndində, dəmirçi ailəsində anadan olub. 65 yaşlı sənətkar təkcə yaşadığı el-obada deyil, eləcə də qonşu kəndlərdə hamıya gərəkli insan kimi tanınır. Gözəl əl qabiliyyətinə malik olan Əli kişi eyni zamanda dəmirçi, xarrat, bənna, çilingər, dülgər peşələrində çalışmaqla bel, balta, balta sapı, dəhrə, oraq, dırmıq, ərsin kimi yaddan çıxmaqda olan alətlərin düzəldilməsi ilə məşğuldur.
“Bunu düzəltmişik ki, yaddaşda qalsın. Bu bir az ağır olur. Vurursan belə, otu kəsirsən. Otu qoparmaq olmur tayadan. Kəsirsən bir metrə kimi, sonra rahat-rahat çıxır”.
Bütün bu peşələri atasından əxz edən lənkəranlı sənətkar bacarığını övladlarına da öyrədib. Onun 5 oğlundan 3-ü bu peşənin sirlərini mənimsəyərək, ataları ilə birgə sənətkarlıqla məşğuldur.
Əli kişinin əlindən çıxan alətlərin say-hesabı yoxdur. Maraq doğuran, diqqət çəkən əl işlərindən əksəriyyəti xarici ölkələrdən gəlmiş qonaqlara hədiyyə edilib.
Əli Ağayevin hazırladığı el sənəti nümunələri dəfələrlə respublika sərgilərində nümayiş etdirilib, təşəkkürnamə və fəxri fərmanlara layiq görülüb.
Ustanın qarşılaşdığı problemlərdən biri isə xammal tapmaqla bağlıdır. Deyir ki, hər hansı bir aləti düzəltmək üçün, ona uyğun xammal olmalıdır. Üç dəfə cərrahiyyə əməliyyatı keçirməsinə, çəliklə gəzməsinə baxmayaraq, onda güclü həyat eşqi var. Deyir ki, iş-güc olmasaydı, yəqin çoxdan ölmüşdüm.