Leyla Yunusun evində və ofisində axtarış aparılıb
Ötən axşam Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun ofisində və evində axtarış aparılıb. APA TV-nin məlumatına görə, prokurorluq əməkdaşları əvvəlcə Sülh və Demokratiya İnstitutunun ofisi kimi istifadə olunan Nizami küçəsi, 63 ünvanında axtarış aparıblar. Prosesdə hal şahidləri, Leyla Yunusun özü və vəkili də iştirak edib. Ofisdəki axtarış iki saata yaxın davam edib. Axtarış başa çatdıqdan sonra Leyla Yunus jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun müəllifi olduğu kitabları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər.
Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün Leyla Yunusun yaşadığı evə gediblər. Axtarışlarda əməliyyatçılar, hal şahidləri, Leyla Yunusun özü, vəkillər Xalid Bağırov, Elton Quliyev vә hüquq müdafiәçilәri iştirak ediblər. Təxminən 1,5 saatlıq axtarışdan sonra prokurorluq əməkdaşları hüquq müdafiəçisinin evini tərk ediblər.
Leyla Yunus jurnalistlərə bildirib ki, evdən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, Almaniyadakı bank hesablarının plastik kartları, özünün və həyat yoldaşının ümumvətəndaşlıq pasportları götürülüb.
Evdə aparılan axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportuna saxlanılarkən hüquq müdafiəçisindən götürülmüş çantanı da Leyla Yunusa təqdim ediblər. Mahir Məmmədli, Sirac Abışov