Babək prospektində zəncirvari qəza: İki "Hyundai" və "Opel" toqquşdu
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, Babək prospektində iki "Hyundai" və bir "Opel" markalı avtomobillər toqquşub. Məlumata görə, qəza şəraitini "Hyundai Sonata" markalı minik maşını yaradıb. Kamran Əfkari küçəsindən gələn avtomobil Babək prospektinə dönmək istəyib. Lakin düzgün manevr etmədiyi üçün Babək prospekti ilə şəhərin mərkəzindən "Xalqlar Dostluğu" dairəsi istiqamətində hərəkətdə olan digər "Hyundai" markalı minik maşınının yoluna çıxıb və toqquşma baş verib. Arxadan gələn "Opel" markalı avtomaşın da toqquşan avtomobillərə çırpılıb. Qəza nəticəsində "Hyundai" markalı avtomobillərin sürücüləri xəsarət alıblar. Onlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıblar.
Yol qəzasını Nizami Rayon Polis İdarəsi araşdırır.