Göyçayda yük maşını "Jiquli" ilə toqquşdu, ölən var
Göyçay rayonunda ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 205-ci kilometrliyində, Göyçay rayonunun Qarayazı kəndi ərazisində qeydə alınıb. Göyçay rayon sakini, 31 yaşlı Ramal Ələsgərovun idarə etdiyi “KamAZ” markalı yük maşını qarşı tərəfdən gələn Bərdə rayonunda məskunlaşmış Şuşa şəhər sakini, 48 yaşlı Abışov Nazir Hüseyn oğluna məxsus “VAZ-2107” markalı avtomobillə toqquşub.
Zərbənin gücündən minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü Nazir Abışov hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili bitumla dolu olub. Qəzadan sonra magistral yolda nəqliyyatın hərəkəti bir saat məhdudlaşıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.