Azərbaycanın rayonlarında Mərakeş çəyirtkələrinin kütləvi miqrasiyası müşahidə olunur - SOS
Hacıqabul rayonunun dağlıq və düzənlik ərazilərində, həmçinin qonşu Ağsu və Şamaxı rayonları ilə həmsərhəd ərazilər olan dövlət fond torpaqlarında, bəzi kəndlərdə Mərakeş çəyirtkələrinin kütləvi şəkildə miqrasiya etməsi müşahidə olunur. Bununla əlaqədar olaraq Respublikanın hər yerində, o cümlədən Hacıqabul, Ağsu və Şamaxı rayonlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə başlayıb. Bitki Mühafizə Mərkəzinin Sabirabad, Saatlı, İmişli, Biləsuvar və digər rayon şöbələri də mübarizə tədbirləri həyata keçirir.
Mütəxəssislərin fəaliyyəti üçün bütün lazımı tədbirlər görülüb. Mərkəzin rəisi Camal Quliyev deyir ki, xüsusi təhlükəli ziyanvericilər qrupuna aid olan Mərakeş çəyirtkələrinin qarşısı vaxtında alınmalıdır, çünki bu çəyirtkələr qısa vaxtda məhsula ciddi ziyan vura bilər. Mərakeş çəyirtkələri paxlalı və taxıl kimilər fəsiləsinə aid bütün bitki növlərini, bostan tərəvəz məhsullarını və bəzi ağacları da məhv edə bilər.
Mübarizə tədbirlərinə cəlb olunan mütəxəssislər sahələri diqqətlə gəzərək ziyanvericilərin yuvacıqlarını müəyyən edir, texnikaların həmin əraziləri qısa vaxtda dərmanlamasını təmin edirlər.
Qeyd olunur ki, çəyirtkələr əsasən Hacıqabul rayonu ərazisində yerləşən dövlət ehtiyat fond torpaqlarında yayılıb. Çünki ziyanvericilər əsas etibarı ilə otlaq sahələrdə geniş yayılır və həmin ərazilərdə də məskunlaşır. Ona görə də həmin ərazilərdə qabaqlayıcı tədbir olaraq mübarizə işlərinə başlanılıb və dərmanlama işləri yekunlaşmaq üzrədir.