ADNA-da törədilən terror aktından 5 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktından 5 il ötür. Akademiyanın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Qeyd edək ki, terror nəticəsində 12 nəfər qətlə yetirilib, 13 nəfər yaralanıb. Onların arasında akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı qadın da olub. Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi gəlib, əraziyə polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsələr də, cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Araşdırmalar nəticəsində terroru törədən şəxsin 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov olduğu məlum olub. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanan 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilib. Cinayət işi üzrə həbs edilən Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulov isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
 

Müəllif | Apa.Tv